Qəflətin səbəbləri: Tək-tənha hesab veriləcəyinin düşünülməməsi

четверг, 18 ноября 2010 г.

İnsanın qəflətə düşdüyü başqa səbəblərdən biri də, axirətdə Allahın hüzurunda tək hesaba çəkiləcəyini unutmasıdır. Bir insanın ömrü nə qədər izdihamlı bir mühitdə keçsə də, ölüm mələyi ruhunu alarkən onun digər insanlarla əlaqəsi kəsilir. Axirətdə dirildilib hesab verəcəyi zaman məhşər kütləsi içində də təkdir. Çünki orada heç kim kimləsə maraqlanacaq vəziyyətdə deyil. Bu təklik dünyadakına da bənzəməz. Hesaba çəkilmə anı dünyada qafil yaşamış bir insan üçün yaradılışından etibarən o zamana qədər düşdüyü ən çətin vəziyyətdir.O anda hiss etdiyi təklik, etdiyi hər şeyin bir-bir hesabını verəcəyi, bu anda heç kimin olmadığını və Allahın hüzurunda son dərəcə aciz olduğunu anlamanın verdiyi bir təklikdir. Bütün gücündən, malından, mövqeyindən, şöhrətindən, dəyər verdiyi, yaxınlıq etdiyi bütün insanlardan uzaqlaşmış şəkildə maddi və mənəvi olaraq təkdir. İnsanlara Allahın hüzurunda tək olacaqları Quranda belə xəbər verilir:

Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)

Dünyada etdiklərinin əvəzini dərhal görməyən, özünə müddət verilən qəflətdəki insanlar axirətdə də belə olacağını zənn edərlər. Bu düşüncələri səbəbindən Allahın rizasına uyğun olmayan bir davranışı edərkən də özlərində yoldaş axtararlar. Hətta dostlarına "dünyaya bir dəfə gəlirik", "fikir vermə", "günahın boynuma" kimi sözlər söyləyərək, onları da Allahın əmr və qadağalarını pozmağa, ya da təxirə salmağa təşviq edərlər. Bu cür şüursuzca deyilən sözlər qəflət halının bir nəticəsidir. Çünki bir insan dünyaya necə bir dəfə gəlirsə, cəhənnəmə də bir dəfə gedəcək və sonsuz bir əzabla qarşılaşacaq. Bu insanlar Allahın Quranda bildirdiyi bu həqiqətdən qafildirlər. Cəhənnəmdə (Allahın dilədiyindən başqa) sonsuza qədər qalma ehtimalını heç düşünmürlər. İnsanların Allahın əzabını yüngülləşdirərək başqalarının günahını boynuna götürmələri isə Allahın üstün elm və qüdrətini qavramaqdan nə qədər uzaq olduqlarının bir göstəricisidir. Heç bir insanın başqa bir insanın günahını yüklənməsinin mümkün olmayacağı da Quranda açıqca bildirilmişdir:

Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz… (Fatır surəsi, 18)

“Heç bir günahkar başqasının günahına yüklənməz! (Nəcm surəsi, 38)

Hər nəfs axirətdə öz əməllərinin əvəzini görəcək. Artıq dünyada ikən ona "günahın boynuma" deyən insanlar da yoxdur. Ona kömək edəcək nə bir dostu, nə də qohumu vardır. Hətta dəyər verdiyi bütün yaxınlarından, dünyada onu qəflətə sürüklədiyi üçün nifrət etməyə başlayar. Allah axirətdəki bu düşmənçiliyi Quranda belə xəbər verir:

Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər! (Zuxruf surəsi, 67)

O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz! (Duxan surəsi, 41)

Dünyadakı saxta dostluqlar yox olub getmiş, axirətdə yerini düşmənçiliyə vermişdir. Çünki bu dostluqlar Allahın razılığı düşünülməyərək qurulan mənfəət dostluqlarıdır. Dünyada ikən Allahın sevdiyi, ONA yönəlmiş insanlarla deyil, qəflət içində inkar edən, Allahdan üz çevirmiş səmimiyyətsiz insanlarla dost olunmuşdur. Əslində dünyada ikən mənfəətləri kəsişdiyində çox səmimi dostların bir-birlərinə düşmən olduqlarını tez-tez görmək mümkündür. Bir-birlərini qəflətə sürüklədikləri və zərər verdikləri halda ölənə qədər pozulmayan dostluqlar isə Quranda da bildirildiyi kimi, Allahın hüzurunda düşmənçiliyə çevrilər. Bu düşmənçilik qəflət pərdəsi gözlərindən qalxan insanların əzabın fərqinə varmaları ilə başlayar. Axirətdə gözlərindən qəflət pərdəsi qaldırılan insanların səmimi etirafları Quranda belə bildirilir:

İndi artıq nə şəfaət edən kimsələrimiz, Nə də bir mehriban dostumuz var! Kaş bir də (dünyaya) dönə biləydik; möminlərdən olardıq!” (Şuəra surəsi, 100-102)

İnkar edənlər hesab günü peşmanlıq içində daim tək qaldıqlarını dilə gətirərlər. Ətraflarında dünyada ikən lağ etdikləri möminlər yoxdur. Fikir vermədikləri bu reallıqla qarşılaşınca geri dönüb həqiqətən iman edənlərdən olmağı diləyərlər. Bu vəziyyət ayədə belə xəbər verilir:

Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar. (Hicr surəsi, 2)

Ancaq geriyə yol yoxdur.

0 коммент.:

Отправить комментарий