Qəflətdə olanların xüsusiyyətləri: Doğru yolda olduqlarını sanarlar

четверг, 18 ноября 2010 г.

Cəmiyyətin əksər hissəsini nümunə götürərək, düşündüklərinin və gördükləri işlərin doğruluğuna özünü inandırmaq qəflətdəki insanların ən diqqətə çarpan xüsusiyyətlərindəndir. Bu axmaq inanca sahib olan insanlar heç kimə zərər verməzlər, ürəkləri yaxşılıqla doludur və buna görə də sahib olduqları hər şeyə layiq olduqlarını düşünürlər. Belə düşünən insanların böyük bir yanılma içində olduqları, ancaq bunun da şüurunda olmadıqları ayələrdə belə bildirilir:

Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Muminun surəsi, 55-56)

Şüursuz bir şəkildə doğru yolda olduqlarını düşünərək, qəflətdə yaşayan insanları şeytanın Allahın əmr və qadağalarını yerinə yetirməkdən saxladığı Quranda belə bildirilmişdir:

Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. (Zuxruf surəsi, 37)

Allah doğru yolda olduqlarını düşünənləri Quranda belə xəbərdar etmişdir:

... Rəbbiniz isə kimin doğru yolda olduğunu daha yaxşı bilir”. (İsra surəsi, 84)

Bu cür insanların ibrətverici vəziyyətlərinə Quranda bağ sahibi olan iki adamın hekayəsi nümunə verilmişdir. İmanlı bir insanla qəflət içindəki bir insan arasında olan söhbət Quranda belə xəbər verilir:

Onlara iki kişinin (əhvalatını) misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. " (Kəhf surəsi, 32-33)

O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin dərgahına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” (Kəhf surəsi, 35-36)

Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış (Rəbbini) inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!”– deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, (sənin )(bağına) isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!” (Kəhf surəsi, 37-41)

Beləcə, onun (bağının) məhsulu bir anda məhv edildi. O, (bağını belə görüb) ora qoyduğu xərcə görə (peşmançılıq çəkməyə) və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 42-44)

Sahib olduğu mal və uşaqlara aldanan və doğru yolda olduğunu hesab edən bağ sahibinin ifadələri onun içində olduğu qəfləti açıqca göstərir. Bütün qüruru və cəhaləti ilə Allahın qüdrətini qavraya bilməyərək ayədə xəbər verildiyi kimi "Rəbbimin dərgahına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!" deyir. Bundan əlavə, elə dərin bir qəflət içindədir ki, bağçasını özünün yaratdığını və sonsuza qədər qoruya biləcəyini düşünür. Bu aldanmanın nəticəsində də qəflət içində etdiklərinə əvəz olaraq anidən bağı məhv olmuşdur.
Qəflətdə olduğu halda doğru yolda olduğunu düşünən bəzi insanlar isə Allahın razılığını güdmədən, adət və ənənələrindən gələn bir vərdişi davam etdirmək, nümayiş etmək, ya da vicdanlarını rahatlaşdırmaq üçün bəzi yaxşılıqlar edərlər. Bu yaxşılıqlar isə mənfəətlərinə zidd olmayan işlərlə məhdudlaşır. Halbuki əsl məqsədi nümayiş və minnət etmək olan bu cür işlər onlara axirətdə heç bir fayda verməyə bilər. Onlar isə Allahın razılığı yerinə insanların razılığını güdərək gördükləri işlərin qarşılıqsız olacağından xəbərsiz, doğru yolda olduqlarından əmindirlər.
Bu insanlar sahib olduqları mal və uşaqlarla, hər hansı bir çətinliklə qarşılaşmadan həyatlarını doğru yolda olan bir göstərici kimi görərlər. Halbuki, Allah dünyadakı imtahanın bir gərəyi olaraq onlara dünyada möhlət vermişdir, amma onların axirətdə bir payları yoxdur:

Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər. Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. (Hud surəsi, 15-16)

İnsanların özlərini aldatdıqları bu halları ilə qəflət içində ağrılı-acılı bir ölümə və əbədi bir əzaba doğru süründürülməkdən başqa bir qazancları yoxdur:

Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir. (Tövbə surəsi, 85)

0 коммент.:

Отправить комментарий