Qəflətdən xilas olmaq üçün: Əsl yurdun axirət olduğunu bilmək

четверг, 18 ноября 2010 г.

Əsl yurdun axirət olduğunun şüurunda olmayan qəflətdəki insanlar dünyada rahat olacaqları daha yaxşı yerlər və imkanlar axtararlar. Məsələn, az gəlirli, evi olmayan biri həmişə kirayədən xilas olacağı anı düşünər. Bir evinin olması onun ən böyük arzusudur. Bunun üçün çətinliyə girər, ömrünün böyük bir qismini ev və digər ehtiyacları üçün kredit ödəyərək keçirər. Bir başqası mənzildən müstəqil evə keçməyi, digəri isə geniş ərazili bir əraziyə sahib olmağı düşünər. Amma Allahın axirətdə vəd etdiyi cənnət mülklərinin varlığına inanmadığı, ya da bu ehtimalı çox uzaq gördüyü üçün bunlara çatmaq üçün ən kiçik səy belə göstərməz. Halbuki möminlər cənnətə və oradakı nemətlərə qovuşmaq üçün yarışarlar.
 Allah qəflət içində dünya nemətlərinə sahib olmaq üçün digər insanlarla yarışaraq səy göstərənləri Quranda belə xəbərdar edir:

Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. (Ali-İmran surəsi, 133)

Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir. (Hədid surəsi, 21)

Axirət yurdunun varlığını qavraya bilməyən qafil insanların ortaq xüsusiyyəti dünyada rahat olacaqları yer və imkanlara sahib olmaqdır. Bunu böyük bir ehtirasla arzu edərlər. Lakin əldə etdikləri bütün bu dəyərlər onları sandıqları kimi çox xoşbəxt edib, dərdsiz-kədərsiz yaşamalarını təmin etməz. Çünki dünya həyatında sahib olunan hər şey köhnəlib çürüyəcək, dağılıb yox olacaq. Buna adamın öz bədəni də daxildir. Bu səbəblə qəflətdəki insanlar sevdikləri və dəyər verdikləri şeylərə zərər gələcəyi qorxusu ilə narahat yaşayarlar. Özlərinə çox qısa bir müddətdən başqa heç bir fayda verməyən bu dəyərlərə qarşı insanlar Quranda belə xəbərdar edilirlər:

Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axirət isə qərar tutacağınız yurddur. (Mömin surəsi, 39)

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)

Quranda insanlara dünya nemətlərinin müvəqqəti olduğu, əsl nemətlərin axirətdə olduğu bu ayələrlə açıqca bildirilmişdir.
Bu dünyanın müvəqqəti olduğunu dərk etmək qəflətdə olan bir insanın qəflətdən xilas olmasına vəsilə olar. İnsan ona müvəqqəti fayda verən dünya nemətlərinə duyduğu ehtiraslı istəklərdən təmizlənər, sonsuz gözəllikdəki cənnət nemətlərini və Allahın razılığını qazanmağa yönələr. Allah Quranda bu hökmünü belə bildirir:

Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar. Onlar taxtlar üstündə seyrə dalacaqlar. Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən. Onlara möhürlü şərabdan içirdiləcəkdir. Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər! (Mutəffifin surəsi, 22-26)

0 коммент.:

Отправить комментарий