QƏFLƏT HALI

четверг, 18 ноября 2010 г.


Qəflət halı - insanın Allahın və axirətin varlığından xəbərsiz olması, ya da xəbəri olduğu halda məsuliyyətsiz davranmasıdır. Qəflət halı bəzən iman edən bir insan üçün qısamüddətli bir unutqanlıq, ya da dalğınlıq şəklində ola bildiyi kimi, bəzən də Allaha iman etməyən, ya da ONA şərik qoşanlarda bütün həyatlarını əhatə edəcək dərəcədə dərin ola bilər.
Bir çox insan yaradılış məqsədini düşünmədən nəfsinin arzuları ilə əylənib boş və faydasız işlərlə məşğul olaraq şüursuzca yaşayırlar. "Gününü keçirmək" məntiqi ilə yalnız dünyadakı nemətlərin ən yaxşısına və ən çoxuna sahib olmağı arzulayırlar. Onlar "dünyaya bir də gəlməcəyik" düşüncəsilə bu zamanı ən yaxşı şəkildə dəyərləndirməyi əhəmiyyətli hesab edirlər. Buna görə də yaşadıqları zaman müddətinə yalnız ən çox zövqü və əyləncəni sığdırmağa çalışırlar. Öləcəklərini bilsələr də, öldükdən sonra onları gözləyən əbədi əzabdan xəbərsizdirlər, ya da Allahın üstün gücünü qavraya bilmədikləri üçün bu əzabın şiddətli olacağını düşünmürlər. Halbuki bu əzabın şiddəti Quranın bir çox ayəsində təsvir edilir. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, Ölüm-Qiyamət-Cəhənnəm) Bu ayələrdən bəziləri belədir:

... Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər. (Bəqərə surəsi, 165)

O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz. (Fəcr surəsi, 25-26)

Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər! O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): “Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?” – deyə soruşacaqlar. (Mülk surəsi, 7-8)

... Yandırıb-yaxan od kimi Cəhənnəm onlara bəsdir.  Şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı (daim) dadsınlar deyə, Biz o (dəriləri) başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi, 55-56)

Qəflətdə olan insanların bir çoxu Allahın varlığını bilir, ancaq ONA qəti şəkildə iman etməz, təslim olmazlar. Bu səbəblə də həyatlarındakı hər çətinlikdə təvəkkülsüzlüklərindən ötrü dərin bir acı və kədər hissi keçirərlər. Ən kiçik çətinliklərin belə, həyatlarını alt-üst etməyə yetdiyi bu insanlar cəmiyyətdə pessimist və bədbəxt olan insan tiplərini meydana gətirirlər.
Olduqca boş və faydasız işlərlə keçirdikləri uzun zamanları "məşğuliyyət" olaraq xarakterizə edirlər. Bu "boş məşğuliyyətləri" səbəbindən də özlərini əhəmiyyətli və rahat hiss edirlər. Halbuki bu məşğuliyyət qəflətdə olan insanın şüursuzluğunu qızışdıran boş bir əylənmədən başqa bir şey deyil. İnkar edənlərin boş əylənmələri ayələrdə belə təsvir edilir:

Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar. Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.  (Hicr surəsi, 2-3)

Qəflət - Allahı və axirət gününü unutmuş insanları sarıb-bürümüş gizli bir xəstəlikdir. Bu, insanın zehnini keyləşdirən, ağlının üstünü örtən bir xəstəlikdir. Bu keylik və şüursuzluq vəziyyətində olan insan özünü əhatə edən və gözləyən reallıqların fərqinə vara bilmir. Bu səbəbdən də, qəflətdə olan insanların görmə eşitmə kimi duyğulara sahib olmasına baxmayaraq, onlar gördüklərini və eşitdiklərini qiymətləndirə mühakimə edə bilmirlər. Çünki onları bürüyən qəflət ağıllarının üstünü örtmüşdür. Qəflətdəki insanlar bütün zamanlarını nəfslərinin sərhədsiz istəklərini təmin etmək üçün sərf edərək başqa bir şey düşünməzlər. Mənliklərini adadıqları istək və ehtiraslarını özlərinə ilah etmişlər. Onların vəziyyəti Quranda belə bildirilir:

Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Furqan surəsi, 43-44)

Qəflətin əhəmiyyətli xüsusiyyətlərindən biri də insanın reallıqdan uzaqlaşaraq xəyal dünyasında yaşamasıdır. Məsələn, gənclər daim gələcəklə bağlı xəyallar qurur və zehinlərini yalnız bununla məşğul edirlər. Qurulan xəyallar nəticəsində də, sanki bu xəyallar həqiqətmiş kimi xoşbəxt olurlar. Sonrakı yaşlarda isə insanlar daha məhdud xəyallar quraraq, xatirələri ilə zaman keçirir və bunlarla yaşayırlar. Çox qısa bir zaman ərzində yaxınlarına danışacaqları bir çox xatirələri olur və bunları dilə gətirərkən o vaxtkı həyəcanı və ya hüznü sanki yenidən yaşayırlar.
Göründüyü kimi, qəflətdə olan insanların zehinləri xəyal və xatirələrlə məşğuldur. Amma axirət günü, cənnət və cəhənnəm kimi reallıqları düşünməzlər. Bu insanlar nə fikirlərində, nə də ürəklərində Allah ilə əlaqədə deyillər. Qafil insan reallığı tutqun və qaranlıq bir kadr hesab edir və reallıq bir an belə ağılına gəldikdə bunları düşünməkdən imtina edərək, dərhal özünün çəhrayı xülyalarına, xəyallarına və xatirələrinə geri dönür.
Qəflət gözləri yaxşı görməyən bir insanın obyektləri və insanları tutqun, ya da kompleks şəkillərdən ibarət görməsi kimidir. Bu vəziyyətdə olan insan gördükləri haqqında ətraflı məlumata sahib ola bilməz. Ancaq eynək taxdığında görüntü dəqiqləşər və hər şeyi incəliyinə qədər görə bilər. Eynəyi olmadığında nə qədər az gördüyünü, hətta görə bilmədiyini dərk edə bilər.
Qəflətdəki bir insan üçün də buna bənzər, ancaq daha ciddi və vacib bir əksiklik söz mövzusudur. Qəflət içində olan insanın Allahın varlığını, üstün izzət və şərəfini təqdir edə bilməsi mümkün deyil. Ancaq səmimi bir şəkildə, qəlbən Allaha yönəldiyi, dua etdiyi, düşündüyü və Allahın sərhədlərinə riayət etdiyi zaman qəflətin fərqinə varacaq. Bunun nəticəsində isə qəflətin səbəb olduğu anlayış pozuqluğu Allahın iznilə aradan qalxacaq, həqiqətləri açıq və dəqiq bir şəkildə görüb qavrayacaq.

0 коммент.:

Отправить комментарий