Qəflətin səbəbləri: Qədərin (talenin) düşünülməməsi

четверг, 18 ноября 2010 г.


Qədər - Allahın bütün varlıqların yaşayacaqları hadisələri əvvəldən təyin etməsidir. Geniş bir izahatla desək, böyükdən kiçiyə qədər bütün canlıların (kiçik bir ağcaqanad, böyük bir fil, dənizdəki kiçik bir balıq, ya da dünyanın hər hansı bir yerindəki mikroskopik bir canlı) və ucsuz-bucaqsız kainatdakı bütün varlıqların bütün hallarını, başlarına gələcək böyük-kiçik hər hadisəni Allahın təqdir etməsidir.
İnsan gözlərini dünyaya açdığı andan etibarən sahib olduğu heç bir fiziki xüsusiyyətin seçimi özünə aid deyil. Ana-atasını seçə bilməz, dəri rəngini, göz rəngini, boyunu öz istəyinə görə təyin edə bilməz. Aydındır ki, heç bir fiziki xüsusiyyətini seçmə gücünə sahib olmayan insanın yaşayacaqlarını da öz istəyinə görə təyin etməsi mümkün deyil. Quranda "Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq." (Qəmər surəsi, 49) ayəsi ilə bu həqiqət insanlara xəbər verilmişdir.
Bunun şüurunda olan insan sahib olduğu hər şeyi və qarşılaşdığı hər hadisəni Allahın  istədiyi şəkildə qiymətləndirməlidir. Quran bu qiymətləndirmədə yeganə yol göstəricidir. Heç bir insan, istər məşhur bir iş adamı, istər Afrika qitəsində yaşayan bir qəbilə üzvü olsun ya heç bir varlıq, istər dənizin dərinliklərində yaşayan bir canlı, istər böyük bir meşədə yaşayan kiçik bir böcək olsun Allahın onun üçün təyin etdiyi qədərdən (taledən) kənara çıxa bilməz. İnsanın etdiyi hər şey onun üçün təyin olunmuş qədərlə (tale ilə) reallaşır. Bu vəziyyət Quranda insanlara belə bildirilir:

(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın. (Yunus surəsi, 61)

İnsanın yaşadığı və yaşayacağı hər anın qədərdə (taledə) müəyyən olunması bu ayələrdə bildirilmişdir. Quranda bildirilən bu həqiqətləri düşünməyən insan ucsuz-bucaqsız kainatda, dünyadakı milyardlarla insanın arasında təsadüflər yaşadığını sanır. Bu vəziyyətdə özünü dilədiyi kimi davranma azadlığına sahib başıboş bir canlı kimi görür. Belə bir dünyagörüşü də insanın özünü Allahdan müstəqil bir varlıq sanaraq dərin bir qəflət içinə dalmasına səbəb olur.

0 коммент.:

Отправить комментарий